Hacı Məmmədov cəzaçəkmə müəssisəsində özünü öldürüb: intihar etməzdən əvvəl məktub yazıb [Yenilənib]


Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib.
 
Penitensiar xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
 
"Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
 
Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub.
 
Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.
 
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanmış, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.

///

Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib.


LIVE.az xəbər veri ki, Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib.
 
Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.
 
Hazırda hadisə yerində  Xzəər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
 
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
 
H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
 
Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.
 
 
Şərhlər
Hadisə bölməsinin xəbərləri