"Yapı Kredi Bank Azərbaycan" ilin I yarısını 29 mln. manatlıq gəlirlə başa vurub

Türkiyənin ən böyük banklarından biri "Yapı ve Kredi"nin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin I yarısının nəticələrini elan edib.

Bankdan APA-ya verilən məlumata görə, "Yapı Kredi Bank Azərbaycan"ın ümumi gəlirləri 12% artaraq 28,9 mln. manata çatıb. Bankın qeyri faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 69% artaraq 11,7 mln. manat olub. Nəticədə, 2016-cı ilin iyun ayının sonunda bankın xalis əməliyyat mənfəəti 7,7 mln. manata çatıb ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 85%-lik artım deməkdir.

Hesabat dövründə bankın fəaliyyətini şərh edən İdarə Heyətinin sədri Cenk Yüksel bildirib ki, "Yapı Kredi Bank Azərbaycan" 16 il ərzində yatırılan sərmayələrin qarşılığında müştərilərinin artan etibarını qazanıb: "Bu isə öz növbəsində daha böyük uğurlar qazana bilməyimiz üçün bizdə əlavə ruh yüksəkliyi yaradır. Bu ilin ilk altı ayında pərakəndə əmanətlərin sayının 72%, o cümlədən əhalinin əmanətlərinin həcmin 73% artması bu sözləri deməyimə imkan verir".

Sədr əlavə edib ki, Avropanın 17 ölkəsində fəaliyyət göstərən qurumun parçası olan bank beynəlxalq təcrübəsini Azərbaycanın şərtlərinə uyğunlaşdıraraq çalışır və ölkəmizin iqtisadiyyatına töhfə verməyə davam edir: "Belə ki, 2015-ci ilin ikinci rübü ilə müqayisə etdikdə, 2016-cı ilin ikinci rübündə bankın aktivləri 7,8% artaraq 391,7 milyon manat çatıb. Şübhəsiz ki, belə uğurlu nəticənin sirri müştərilərə dəstək olmaqdan və onların istəklərini doğru şəkildə anlayıb, ehtiyaclarına uyğun həll yolları təklif etməkdən ibarətdir".

C. Yüksel onu da qeyd edib ki, "Yapı Kredi Bank Azərbaycan" ölkəmizin bankçılıq sektoruna kifayət qədər innovativ məhsullar təqdim edən banklardan öndə gedənidir: "İnternet bankçılıq və Mobil bankçılıq xidmətlərimizlə müştərilərimiz banka gəlmədən - evlərindən, ofislərindən və internetin olduğu hər yerdən bir çox əməliyyatlar apara bilirlər. İnformasiya texnologiyalarını sıx-sıx istifadə etməyimiz müştərilərimizin innovativ məhsulları seçim etməsinə səbəb olur ki, bu da filiallarımızdakı trafiki azaldır, müştərilər növbələrə artıq zamanlarını ayırmırlar. Keçən ilin ilk altı ayında 86% müştərimiz filiallarımızdan xidmət almışdısa, bu rəqəm 2016-cı ilin İyun ayında 63%-ə enmişdir. Müştərilərimizin geri qalan 37%-i az öncə bəhs etdiyim Alternativ xidmət kanallarımızdan istifadə etmişdir. Onu da əlavə edim ki, müştərilərimiz üçün "komfort zona" yaratmışıq və onların ehtiyaclarını anlayıb doğru həll yolu təklif etmək üçün daim müştəri məmnuniyyəti ölçümləmələri edirik".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri