Dəhşətli qətllə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağcabədidə törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Ağcabədidə həyat yoldaşını, qaynana və qayınatasını qətlə yetirən şəxs intihar edib.

APA-nın məlumatına görə, Ağcabədidə Xocavənd sakini Quliyev Ələsgər Əşrəf oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı,həmçinin dayısı qızı olan Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib. Hadisə Ə. Quliyevin qayınatasının evində baş verib. O, hadisəni törətdikdən sonra qəbristanlıq yaxınlığında intihar edib.

Qətlə yetirilənlər Ağdam rayonu Mərzili kənd sakinləridir, onlar Ağcabədi rayonunda məskunlaşıblar. Qətli törədən isə Füzulidə məskunlaşmış Xocavənd sakinidir.

Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ərazini mühasirəyə aldığını görərək, özünə atəş açaraq intihar edib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri