"Bakı-Tbilisi-Qars dəmiryolu ilə qatarlar 2017-ci ildən işə düşəcək"

"Bakı-Tbilisi-Qars dəmiryolu ilə qatarlar 2017-ci ildən işə düşəcək"“Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı bölgələrdə stabillik hakimdir və bu yerlərdə təhlükəsizlik problemi yoxdur.”

ANS-in məlumatına görə, bu sözləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşündə iştirak edən Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım deyib.

Görüşdən sonra Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə birgə mətbuat konfransı keçirən Binali Yıldırım Bakı-Tbilisi-Qars dəmiryolu ilə qatarların 2017-ci ildən işə düşəcəyini deyib.

“Layihə hər 3 ölkədə bu il başa çatacaq və 2017-ci ldən etibarən qatarlar artıq işləməyə başlayacaqlar. Bir tərəfdən əskik qalan işləri başa vurarkən, digər tərəfdən fəaliyyat vaxtı edəcəyimiz əməkdaşlıqları, bu istiqamətdə hazırlıqları müzakirə etmək və yekunlaşdırmaq ehtiyacı hiss etdik. Bu yöndə fəaliyyətlərə başladıq.”

Dəmiryol xəttinin əhəmiyyətindən danışan türkiyəli nazir bunun sadəcə daşımaçılıq yox, həm də Çinlə Avropanı bir-birinə fasiləsiz bağlayan böyük bir layihə olduğunu bildirib.

“Bu çərçivədə başlatdığımız əməkdaşlıq şərqdə və qərbdə Avropa və Uzaq Şərqi əhatə edəcək bir yol şəbəkəsi olacaq. Həmçinin əsrlər boyu şərq ilə qərb arasında ticarət və mədəniyyət yolları kimi adlandırılan “İpək Yolu” bundan sonra dostluğun, qardaşlığın, şərq ilə qərb arasındakı ticarətin inkişafına da dəstək verəcək. Bu layihənin həyata keçməsi ilk dəfə 2004-cü ildə Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin birgə imzaladığı razılaşma ilə başlayıb. Növbəti proseslərdə Azərbaycan, Gürcüstan, Türkiyə baş nazirlərinin nümayiş etdirdiyi iradə ilə mərhələ-mərhələ bu yerə gəldik.”

Növbəti mərhələnin layihəni işə salmaq olduğunu deyən Yıldırım son bir cəhdlə işlərin başa çatacağını qeyd edib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişviliyə ev sahibliyinə görə təşəkkürünü bildirən Binali Yıldırım Ziya Məmmədovun elə ilk gündən bu layihənin dəstəkçisi olduğunu vurğulayıb.

Bölgədə stabilliyin hakim olduğunu deyən nazir terrorun bir dünya problemi olduğunu bildirib.

“İllərdir Azərbaycanla Gürcüstan arasında minlərlə minik vasitəsi gedib-gəlir. Bu günə qədər hər hansı bir təhlükəsizlik problemi olduğunu görmədim. Əgər bölgədə terror hadisəsindən bəhs edirsinizsə bu dünyanın problemidir. Parisin ortasında 100 nəfər təəssüf ki, terrorun qurbanı oldu. Ankarada və dünyanın müxtəlif yerlərində bu cür hadisələr baş verir. Arzumuz budur ki, belə hadisələr baş verməsin. Bunun üçün də ölkələr yaxın əməkdaşlıq etməlidirlər. Normal şərtlərdə Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı bölgələrdə stabillik hakimdir və bu yerlərdə təhlükəsizlik problemi yoxdur.” – deyə türkiyəli nazir bildirib.

Dünən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat strukturları rəhbərlərinin iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü keçirilib.

"Bakı-Tbilisi-Qars dəmiryolu ilə qatarlar 2017-ci ildən işə düşəcək"
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri