Nyu-Yorkun ən məşhur göydələninə pilotsuz uçan aparat çırpılıb

Pilotsuz uçan aparat Nyu-Yorkun dünyada ən məşhur göydələnlərdən biri olan 102 mərtəbəli "Empire State Building" binasına çırpılıb. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun polis rəsmiləri bildirib.

Kiçik pilotsuz aparatın operatoru - Nyu-Cersi ştatının gənc sakini həbs olunub. İlkin ehtimallara görə, aparat vasitəsilə gənc bir neçə şəkil çəkmək niyyətində olub, amma idarəetməni itirib. O, təhlükəsizliyə təhdid yaratmaqda ittiham olunur.

Ucan aparat 40-cı mərtəbəyə çırpılaraq binanın meydançalarından birinə düşüb. Bundan sonra gənc "Empire State Building" mühafizə xidmətinə müraciət edərək aparatının geri qaytarılmasını tələb edib. Mühafizəçilər isə polis çağırıblar.

1929-cu ildə Manhettenin mərkəzində, 5-ci avenyu və 34-cü küçənin kəsişməsində inşa edilmiş "Empire State Building" göydələni təkcə Nyu-Yorkun deyil, bütün Amerikanın rəmzinə çevrilib. "Empire State Building" hündürlüyünə görə Nyu-York binaları arasında 3-çü, ölkə üzrə isə 5-ci yerdədir.

2012-çi il avqustun 8-də bu göydələn Azərbaycan bayrağının rənglərinə boyanmışdı. Binanın London Olimpiadasının iştirakçıları olan ölkələrin bayraqları rəngində işıqlandırılması aksiyası 4 ildə bir dəfə keçirilən Olimpiya oyunlarına həsr edilmışdi.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri