Ramil Usubov həlak olan polis İsmayıl Tağıyevin Lənkəranda keçirilən yas məclisinə qatılıb

Bu gün daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində həyata keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş polis serjantı, 1977-ci il təvəllüdlü İsmayıl Rəsul oğlu Tağıyevin Lənkəran şəhərində keçirilən yas mərasimində iştirak edib.

APA-nın cənub bürosunun məlumatına görə, naziri rəhbərlik etdiyi qurumun yüksək rütbəli zabitləri, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər müşayiət ediblər. R.Usubov igid serjantın ailə üzləri ilə görüşərək onlara başsağlığı verib.

Qeyd edək ki, prezident İlham Əliyev həlak olmuş polis əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.

Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev (ölümündən sonra) və polis serjantı Vüqar Əyyub oğlu Nəsibov (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.

Onu da əlavə edək ki, İ. Tağıyev ağırlıqqaldırma üzrə Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu olub. Onun 3 azyaşlı övladı var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri