Zakir Nuriyev: "Banklar böyük neft gəlirləri üzərində qurduğu strategiyalarını dəyişəcək"

Azərbaycan bankları 2016-cı və qarşıdakı il üçün strategiyalarına yenidən baxacaq və yeni dövr üçün strategiya hazırlayacaq.

APA-nin məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.


“Banklar hər bir iqtisadi inkişafın bəlli bir mərhələsində öz strategiyasına yenidən baxırlar və buna müvafiq dəyişikliklər edirlər. Bilirsiniz ki, hazırkı dövrdə mövcud olan bankların strategiyası böyük neft gəlirləri, yüksək iqtisadi inkişaf templəri üzərində qurulmuş strategiyalar idi. Lakin, bu gün neft qiymətlərinin aşağı düşməsi, iqtisadi proseslərin yavaşıması, dünyada baş verən böhran proseslərinin və qonşu ölkələrdə gedən ağır iqtisadi böhranlar bizim ölkəmizə mənfi təsir göstərir. Ona görə, banklar buna müvafiq olaraq 2016-cı il və qarşıdakı il üçün öz strategiyalarına yenidən baxır və dəyişiklik aparırlar. Mərkəzi Bankla birlikdə yeni dövr üçün strategiyanın hazırlanması ilə bağlı məsləhətləşmələr aparılıb. Qarşıdakı aylarda da digər iqtisadi bloku əhatə edən nazirlik və komitələrlə görüşümüz davam edəcək ki, banklar yeni dövr üçün hazırladıqları strateji inkişaf və taktiki planlarında bu dəyişiklikləri, yenilikləri nəzərə ala bilsinlər”.

Z. Nuriyev bildirib ki, yeni strategiyada əsas dəyişikliklərin məsuliyyətli kreditləşmə kiçik və orta biznes, eləcə də korporativ sektorun maliyyələşdirilməsi ilə bağlı olacaq.

“Əsas dəyişikliklər daha çox məsuliyyətli kreditləşmə, kredit faizlərinin 2015-ci il ərzində Mərkəzi Bankla müzakirə nəticəsində aşağı endirilməsindən irəli gələn gəlirliklərin azalmasından doğan prosesləri nəzərə almaq, eyni zamanda əsas strateji xətt olaraq kiçik və orta biznesi, korporativ sektorun maliyyələşdirilməsinin prioritet təşkil etməsini nəzərə alaraq daha çox istehlak kreditlərindən kiçik və orta biznesin, korporativ sektorun maliyyələşdirilməsinə keçid müddəaları öz əksini tapacaq. Eyni zamanda, gəlirliliklərin aşağı düşməsi fonunda banklar tərəfindən təbii olaraq xərclərin optimallaşdırılması və izafi xərclərin, ekstensiv inkişaf proseslərinin daha çox intensiv, dərinləşməyə və korporativ standartların tətbiqini təşkil etməkdən ibarət olacaq”, - deyə Z. Nuriyev vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri