Avropa Oyunları zamanı bankomat və POS-terminalların fasiləsiz fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilib

Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Azərbaycan Mərkəzi Bankında (AMB) ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

AMB-dən APA-ya verilən xəbərə görə, tədbirdə Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb:

 bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;

 tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;

 tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Qeyd edək ki, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri