Gürcüstanda "Unicard" istifadəçiləri SOCAR-ın xidmətlərindən yararlanacaqlar

Gürcüstanda "Unicard" istifadəçiləri SOCAR-ın xidmətlərindən yararlanacaqlar "SOCAR Energy Georgia" şirkəti və "Unicard" plastik kart sistemi arasında tərəfdaşlıq haqqında razılaşma əldə olunub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mayın 30-da "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədovla "Unicard"ın direktoru Beso Abuladzenin görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirilib ki, hazırda "Unicard"ın bir milyondan çox istifadəçisi var və onlara Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin xidmətlərindən istıfadə etmək imkanı verilir.

Müştərilər YDM-lərin təklif etdiyi yüksək keyfiyyətli yanacaq və xidmətlərdən istifadə etməklə yanaşı, həm də "Unicard"a uduş xalları toplamaq imkanı əldə edəcəklər.

Görüşdə qeyd olunub ki, hər iki şirkət üçün faydalı olacaq bu tərəfdaşlıq istehlakçılara əlavə komfort yaradacaq. Eyni zamanda, kartda toplanan xalların sayına görə müştərilər "Unicard"ın zəngin təkliflər kataloqundan istədikləri hədiyyəni seçə biləcəklər.

"Unicard"ın direktoru Beso Abuladze SOCAR ilə əməkdaşlığın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Gürcüstan bazarının nəhəngi olan SOCAR şirkəti ilə tərəfdaşlıq bizim üçün irəliyə doğru böyük addımdır və əminəm ki, istifadəçilərimiz neft məhsulları və qaz bazarında belə bir böyük seçim imkanı əldə etməkdən sevinəcəklər".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri