Azərbaycan Mərkəzi Bankı kapital çatışmazlığı problemini həll edib

Azərbaycan Mərkəzi Bankının (AMB) kapital çatışmazlığı yarandığı təqdirdə onun ödənilməsi dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.

APA-nin məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu qanun layihəsinə dəyişiklər əsas etibarilə Mərkəzi Bankın kapitalının formalaşması və kapital çatışmazlığı olduqda onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir: “Mövcud qanunvericilikdə Mərkəzi Bankın kapitalının onun nizamnamə kapitalı və kapital ehtiyatlarından formalaşdırılması tələbi irəli sürülüb və kapital ehtiyatlarının normativi tədavüldə olan nağd pul kütləsinin 15%-i miqdarında müəyyən edilir müddəası var. Təqdim olunan dəyişikliklərdə bu normativ ləğv olunur və Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunur. Bu normativin ləğv olunması kapital ehtiyatlarının formalaşdırılmasında bir növ Mərkəzi Banka müstəqillik verir. Qanunun 22-ci maddəsində Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərində kapital ehtiyatlarının formalaşdırılması və istifadəsi qaydalarının müəyyən edilməsi Mərkəzi Banklın İdarə heyətinin səlahiyyətlərinə aid olduğundan bu normativin müəyyənləşdirilməsi də Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə verilir”.

A. Quliyev bildirib ki, qanun layihəsində təqdim olunan ən mühüm dəyişiklik Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı təqdirdə onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. “Bundan əvvəl, qanunun 14-cü maddəsində belə bir müddəa var idi ki, Mərkəzi Bankın aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilir. Lakin, hansı formada və necə ödənilir, belə bir mexanizm açıqlanmırdı. Təqdim olunan dəyişiklikdə isə belə bir müddəa var ki, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir ki, bu da daha çevik mexanizmdir. Bildiyiniz kimi, Mərkəzi Bankın kapital çatışmazlığı əsas etibarilə Mərkəzi Bankın balansında olan xarici valyutada aktivlərin və ya qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan məzənnə fərqi ilə bağlı olur. Yəni, Mərkəzi Bankın birbaşa fəaliyyətindən kapital çatışmazlığı yaranması ehtimalı yoxdur. Məzənnə dəyişikliyi nəticəsində belə bir halların yaranması baş verir və bu zaman təklif olunur ki, bu çatışmazlıq bir maliyyə ili təxirə salınmaqla, yəni, növbəti büdcə planlaşdırılması zamanı qiymətli kağızlar hesabına ödənilsin. Bu müddəanın əsas hissəsi ondan ibarətdir ki, dövlət büdcəsi planlaşdırılan zaman Mərkəzi Bankın kapital çatışmazlığı əsas etibarilə ilin sonunda illik maliyyə hesabatları auditor rəyi ilə təsdiqləndikdən sonra dövlət büdcəsi ilə münasibətlər formalaşır və kapital çatışmazlığı yarandıqda dövlətdən həmin vəsaitin istənilir. Bu zaman artıq dövlət büdcəsi təsdiq olunduğu üçün kapital çatışmazlığının dövlət büdcəsində nəzərə alınması mümkün deyil. Bir maliyyə ilinin təxirə salınması isə bu mexanizmi açıqlayır. Və növbəti il ərzində ola bilər ki, bu məzənnə dəyişiklikləri nəticəsində formalaşan kapital çatışmazlığı yenidən müsbət mövqeyə gələ bilər. Belə olduqda, artıq dövlət büdcəsindən vəsait istənilməsinə ehtiyac qalmır. Buna görə də bir maliyyə ilinin təxirə salınması ifadəsi işlənilir”.

Bir sözlə, qanuna dəyişikliklər təsdiqlənsə, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq. Kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri