Bakı və onun qəsəbələrində 510 sahibkara 121,8 mln. manat güzəştli kredit verilib

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirib.



Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə 150-dən çox sahibkar iştirak edib.



Tədbirdən əvvəl Qaradağ rayonunun Sahil qəsəbəsində güzəştli kredit ayrılmış ildə 24 min ton metalkonstruksiyalar istehsal edən zavodun fəaliyyətinə baxış keçirilib. Sonra tədbir iştirakçıları üçün SKMF tərəfindən Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi və çörək istehsalı müəssisələrinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.



Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan prezidenti İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Qaradağ rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.



İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulayıb, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat veriblər.



SKMF-in icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,8 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 4000-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Ümumilikdə isə bu ilin ötən dövrü ərzində 1608 sahibkara 148,5 mln. manat güzəştli kredit verilib.



Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 2,4 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, un məmulatları, çörək istehsalı, heyvandarlıq, quşçuluq, tikinti materialları istehsalı, tikişçilik, logistika sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri