Dünyanın 72 ölkəsindən prezident, sabiq prezident və hökumət nümayəndələri Azərbaycana toplaşır

Azərbaycana bu ayın sonu 3 ölkənin hazırkı prezidenti, 4 ölkənin baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA - nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana toplaşan dünya rəsmiləri Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda bir araya gələcəklər. ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya, Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Hersoqovina, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya, Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva, Makedoniya və digər ölkələrdən gələcək rəsmilər iki gün ərzində Bakıda birgə müzakirələr aparacaq, bəyanatlar verəcəklər.

Forumda BMT-nin sabiq baş katibi Butros Qali, ABŞ sabiq Dövlət Katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər də iştirak edəcək.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparacaqlar.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri