Çanaqqalada keçiriləcək tədbirlərdə 20 ölkənin dövlət başçısı iştirak edəcək

Aprelin 23-də İstanbulda keçiriləcək Sülh Zirvəsi və 24-25 aprel tarixlərində Çanaqqalada quru savaşlarının 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimlərində 20 ölkənin dövlət başçısı iştirak edəcək.

Bu barədə APA-ya Türkiyə Mətbuat-Yayim və İnformasiya Baş İdarəsinin İstanbul Vilayət Şöbəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, 23-25 aprel tarixlərində İstanbul və Çanaqqalada keçiriləcək tədbirlərdə 20 ölkənin dövlət başçısı, 3 ölkənin parlament spikeri, 3 ölkənin vitse-prezidenti, 5 ölkənin baş naziri, 2 keçmiş prezident, 28 nazir, 7 nazir müavini, 5 beynəlxalq təşkilatın baş katibi iştirak edəcəklər. Toplantı və mərasimlərə 73 ölkədən gəlməsi təsdiqlənmiş qonaqlar qatılacaq. Türkiyə də daxil olmaqla, 35 ölkədən 1400 media mənsubu toplantı və mərasimləri işıqlandırmaq üçün akreditasiyadan keçib.

Qeyd edək ki, Çanaqqala quru savaşlarının 100 illiyinin 24 apreldə qeyd edilməsi təklifi 15 yanvarda Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən gündəmə gətirilib. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin bu addımını müdrik qərar adlandıraraq təşəbbüsü dəstəklədiyini bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri