Svante Kornel: “Azərbaycan öz qonşularından daha çox, ABŞ və bəzi Avropa ölkələrinə bənzəyir”

“Azərbaycan dünyəvi idarəçilik və milli kimlik baxımından özünəməxsus tarixə malikdir. Azərbaycanın tarixən etnik əsası, milli dəyərləri, yaxın qonşuları olan Gürcüstan və Ermənistandan, həmçinin onu əhatə edən böyük dövlətlərdən fərqlənir. Bu baxımdan Azərbaycan öz qonşularından daha çox, ABŞ və bəzi Avropa ölkələrinə bənzəyir. Bu da Azərbaycanın gələcəkdə Avropaya inteqrasiyasında vacib faktordur”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Stokholmdakı Qafqaz Araşdırmalar İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru Svante Kornell deyib.

S. Kornell bildirib ki, Qərbdə Azərbaycanın bu unikal xüsusiyyəti çox az sayda ekspertlərə məlumdur və düzgün dərk edilmir: “Azərbaycanın dünyəvi və sivil dövlətçilik üsul-idarəsini tətbiq etməsi yeni deyil. Müasir anlamda bu, 19-cu əsrin sonundakı milli oyanış və 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublikanın yaradılması dövrünə gedib çıxır. Azərbaycan milli cəmiyyətin dünyəvi və inklüziv xarakter aldığı ölkə kimi müsəlman ölkələri üçün örnəkdir. Bu prosesin istər etnik, istərsə dini baxımından heç bir radikalizm olmadan baş tutması təqdirəlayiq haldır. Sovet rejiminin bərqərar olmasından əvvəl ziyalılar arasında ölkənin sivil və dünyəvi olması ilə bağlı razılıq əldə edilib. Azərbaycanın müstəqilliyini bərpa etdiyi illərdə bu cür ideyalar yenidən baş qaldırıb. 1993-cü ildən başlayaraq Heydər Əliyev hökuməti azərbaycançılıq ideologiyasına əsaslanaraq ölkədə mili kimlik üsul-idarəsini bərqərar etdi”.

S. Kornelin fikrincə, Azərbaycanın milli konsepsiyası onun hər hansı qonşusu ilə deyil, daha çox ABŞ və Avropa ilə müqayisə edilməlidir: “Lakin Azərbaycan Rusiya, Türkiyə, İran və daha geniş müsəlman dünyasında mövcud olan durumlardan sığortalanmayıb. Yaxın Şərqdə uzunmüddətli məzhəblərarası münaqişə Azərbaycanda da dinin siyasətləşdirilməsi riskini artırır. Bir çox azərbaycanlı Qərbin Azərbaycanda siyasətçilərə dəstək olmaqdansa, tez-tez onları tənqid etməsini anlamır. Azərbaycanda çoxmillətli etnik icmaların dinc şəkildə birgə yaşamalarına fikir verilmir, ya da ötəri şəkildə xatırlanır. Azərbaycanın dini sahədə yürütdüyü siyasət hətta Qərbin qeyri-hökumət təşkilatları tərəfindən insan hüquqlarının pozulması kimi pislənilir. Din və siyasəti qarışdıran regional dövlətlərə nəzər saldıqda bu tənqid əlbəttə ki, həqiqətdən uzaqdır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri