Samir Şərifov “G-20” ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin iclasında iştirak edəcək

Maliyyə naziri Samir Şərifov Vaşinqtonda “G-20” ölkələrinin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edəcək.

Nazirliyin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, toplantı aprelin 16-sı və 17-si Vaşinqtonda keçiriləcək.

“G-20” ölkələri rəhbərlərinin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Toplantıya “G-20”yə üzv və dəvətli ölkələrin nazirləri və mərkəzi bank rəhbərləri ilə yanaşı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından yüksək səviyyəli nümayəndələr qatılacaq. Azərbaycan “G-20”-nin bu ilki ev sahibi kimi Türkiyə tərəfindən dəvətli ölkə qismində bu toplantılarda iştirak edir.

Qeyd edək ki, S. Şərifov Vaşinqtonda həmçinin, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının ənənəvi yaz görüşlərinə də qatılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri