Fikrət Yusifov: “Prezident manatın məzənnəsi ilə bağlı bütün suallara cavab verdi”

“Cari ilin fevral ayının 21-də Mərkəzi bankın məcburiyyət qarşısında qalıb manatın kəskin devalvasiyasına getməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Bütün açıqlamalarda qeyd olundu ki, sadə vətəndaşlar bir neçə saatın içində 34% ziyana düşdülər. Heç kim sual vermədi ki, hansı gəlirlərin 34% itirilməsindən söhbət gedir?”

APA-nin xəbərinə görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov manatın məzənnəsi ilə bağlı son günlər artan müzakirələrə münasibət bildirərkən deyib.

F. Yusifov qeyd edib ki, manatın 34% devalvasiyaya uğraması heç bir halda vətəndaşların 34% gəlir itirməsi kimi qiymətləndirilə bilməz: “Məsələni dərindən araşdırdıqda yalnız cüzi dolayı itkilərin olduğu müəyyən edilə bilər. Gəlin bu mövzuya bir qədər geniş spektrdə baxaq. İki valyutanın nisbətindəki dəyişikliyi bütövlükdə vətəndaşların itkisi kimi dəyərləndirmək nə dərəcədə doğrudur? Burada 34% itkidən söhbət gedə bilməz və biz bunu hər kəsə sübut etməyə hazırıq. Söhbət yalnız manatla yığımı olan insanların devalvasiyaya qədər əlavə 34% qazanc əldə etmək şanslarının itirilməsindən gedə bilər. ABŞ dollarına nisbətən manatın 34% ucuzlaşması vətəndaşlarımız üçün o vaxt bu qədər itki kimi dəyərləndirilə bilərdi ki, devalvasiyadan sonra bütün istehlak mallarının, məhsulların, xidmətlərin, birinci növbədə isə istehlak səbətinə daxil olan məhsulların, malların və xidmətlərin qiymətləri də bu qədər qalxaydı. Hər kəsə bəllidir ki, devalvasiyanın ilk günlərində bəzi spekulyativ qüvvələr məqamdan yararlanıb küllü miqdarda qazanc əldə etmək həvəsinə düşdülər. Elə bu cür adamlar da sonda öz tamahlarının qurbanına çevrildilər və hökumət qiymətlərin süni artımının qarşısını aldı. Lakin bütün bunlara rəğmən siyasi ambisiyaları olanlar əhalinin 34% kasıblaşdığına dair əsası olmayan açıqlamalarına son qoymurlar və bu yolla insanları həmişəki kimi aldatmağa cəhd edirlər. Təbii ki, burada bütün söhbətlərin kökündə bu adamların siyasi iddiaları dayanır. Mətbuatda bu mövzu üzərində qurulmuş əvvəlki çıxışlarımızda demişdik ki, xaricdən alınıb gətirilən bəzi məhsulların, burada istehsal olunan, lakin bəzi komponentləri xaricdən alınıb gətirilən bir sıra yerli malların və məhsulların qiymətlərində tədricən müəyyən dəyişikliklərin olması mümkündür və bunu təbii qarşılamaq lazımdır. Ancaq bu, əsas istehlak mallarına və istehlak səbətinə daxil olan mallara aid olmayacaq”.

BİAB sədri süni qiymət artımına qarşı dövlət səviyyəli tədbirlərin bu gün də davam etdiyinə diqqət yönəldərək, məsələnin bilavasitə Azərbaycan Prezidentinin nəzarətində olduğunu qeyd edib: “Artıq ölkə rəhbərinin göstərişi ilə xaricdən alınıb gətirilən dərman preparatlarının qiymətlərinin araşdırılmasına başlanıb və heç şübhə yoxdur ki, buradakı süni qiymət artımları ilə bağlı ciddi tədbirlər görüləcəkdir. Bütün bunları gördükdən, bildikdən sonra hansı itkilərdən söhbət gedə bilər? Əgər mənim əlimdə 1000 manat pul varsa və mən bu manata devalvasiyaya qədər və ondan sonra praktik olaraq eyni miqdarda məhsul, mal ala bilirəmsə və bu qayda ilə dəyəri devalvasiyadan sonra dəyişməyən yanacağın, qazın, suyun və digər kommunal xidmətlərin haqqını ödəyirəmsə, mənim hansı itkilərimdən söhbət gedə bilər? Bəzi ekspertlərin şərhlərini oxuyandan sonra elə təsəvvür yaranır ki, bu ölkədə hamı valyuta al-verilə məşğul olmalı idi, ancaq insanlar bununla məşğul olmadıqlarına görə dolların bahalaşması onları 34 % ziyana salıb. Manatın məzənnəsində baş vermiş dəyişikliyi sadə vətəndaşların gəlirinin 34% itirilməsi kimi təqdim etmək doğru deyil. Bu başqa məsələdir ki, əgər mən bu 1000 manatı devalvasiyaya qədər ABŞ dollarına çevirib, devalvasiyadan sonra onu geriyə bir də manata dəyişsəydim, onda 34% əlavə qazanc əldə edə bilərdim. Yox, bunu əksi olsaydı, təbii ki, onda zərərdən danışa bilərdik. Əgər hər kəs bunu əvvəlcədən görüb dəyərləndirmək qabiliyyətində olsaydı, onda heç kimin başqa fəaliyyətlə məşğul olmağına ehtiyac da olmazdı. Onda hər kəs valyutaların məzənnə dəyişikliyindən kifayət qədər pul qazana bilərdi. Dünya valyuta birjalarında hər gün bu proseslər gedir. Ancaq həqiqətdə yalnız bu işin incəliklərini dərindən bilən və çox güclü intuisiyası olan peşəkarlar dünyanın valyuta birjalarında məzənnə dəyişməsindən qazanc əldə edə bilirlər. Ona görə də hər bir məsələyə obyektiv qiymət verilməlidir. Heç kimin haqqı yoxdur ki, məsələləri özünə lazım olan kimi təhlil edib cəmiyyətə birtərəfli informasiyalar çatdırsın”.

F. Yusifov qeyd edib ki, indi bizi daha ciddi düşündürən məsələ dünyada baş verən iqtisadi kataklizmlər fonunda Azərbaycan iqtisadiyyatının, onun qeyri neft sektorunun inkişaf dinamikasının saxlanılması ola bilər: “Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident ölkə iqtisadiyyatdakı dinamik inkişafın keçən ildəki templə davam etdiyini bildirərək manatın hazırkı vəziyyətinə tam aydınlıq gətirdi və bununla da məzənnə ilə bağlı bütün suallara cavab vermiş oldu”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri