Oğlunu həbs etdirən azərbaycanlı generaldan məmurlara dərs

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Nəriman Nərimanovun heykəli yaxınlığındakı restoranlardan birində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ilə dava düşüb.

Hadisədən xəbər tutan general, oğlunun hərəkətinə qəzəblənərək onu öncə özü möhkəm tənbeh edərək, sonra polisə təhvil verib.

Generalın öz oğlunun hərəkətlərinə qarşı bu cür addım atması barədə Milli Məclisin hüquq siyasəti və komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Modern.az-a açıqlamasında bunları deyib.

“Baş verən hadisə mətbuatda geniş müzakirə olunur. Təbii ki, Tamerlan Əsədullayevin həbs olunmasını atası Şərif Əsədullayev xahiş edib. Dərhal polis orqanları ilə əlaqə saxlayıb. Atanın öz doğma övladının törətdiyi hadisəni gizlətməmək onun qanunun aliliyinə hörmətini göstərir. Bu fakt azərbaycanlı məmurdan digər məmurlara bir nümunədir”.

Deputatın sözlərinə görə, Şərif Əsədullayev 30 ildən artıqdır ki, polis orqanlarında fəaliyyət göstərir.

“Şərif Əsədullayevin özü də 30 il ərzində günahkarların istintaqa cəlb edilməsi sayəsində xeyli işlər görüb. Bu cür addımın atılması digər məmurlara da nümunə olmalıdır. Hər bir məmur övladının törətdiyi hadisələri gizlətməyə çalışmamalı, əksinə, öz əlləri ilə məsuliyyətə cəlb etməlidirlər”.

Qeyd edək ki, Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Milli.Az modern.az-a istinadən onun tərcümeyi-halını təqdim edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub.

1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb.

2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Ş.Əsədullayev Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Şərif Əsədullayevin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə yaxın qohum olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri