Arvadını və şübhələndiyi həmkəndlisini öldürdü

Arvadını və şübhələndiyi həmkəndlisini öldürdü

“Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir”

Martın 24-də İsmayıllı rayonunda hind filmlərini xatırladan qətl hadisəsi baş verib.

Rayon prokurorluğundan ans-a verilən məlumata görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qeydə alınıb.

64 yaşlı kənd sakini Məhəmməd Əhməd oğlu Əhmədov həyat yoldaşı, 56 yaşlı Bahar Qəhrəman qızı Əhməovanı və həmkəndlisi, 62 yaşlı Allahverdi Sədulla oğlu Rəhimovu ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti ağırdır.

Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. Sən demə, Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili olmasından şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhmədova ilə qonşusu Allahverdi Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa səbəbdən bunu araşdırmaq istəməyən qısqanc ər illər ötdükdən sonra haqq-hesab çəkmək istəyib.

Bu səbəbdən də ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə, ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib və “Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir” deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.

Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhmədovanı da güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri