Elman Rüstəmov: “Maliyyə Nazirliyi büdcə xərclərini mövcud neft qiymətləri əsasında həyata keçirir”

“Maliyyə Nazirliyi büdcə xərclərini mövcud neft qiymətləri əsasında həyata keçirir”.

APA-nin məlumatına görə, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Azərbaycan son illərdə bir sıra sahələrdə olduqca əhəmiyyətli uğurlar əldə edib. Əldə etdiyimiz uğurlar ona görə qiymətlidir ki, 2008-ci ildən yaşanan böhran təbii ki, bizdən də yan keçmir. Bu nəticələr böhranın 2014-cü ildən məhz Azərbaycan üçün yeni dalğasının başlanması kontekstində olduqca əhəmiyyətlidir. 2008-ci ildə böhranın başlaması Azərbaycan üçün təsirli oldu və bu təsirin ən mühüm kanalı neftin qiymətidir. Neftin qiyməti kəskin aşağı düşəndə, biz bu çağırışa kəskin makroiqtisadi reaksiya verdik. Büdcə sabit xərclər prinsipinə keçdi. Biz milli valyutamızı müdafiə etdik. Çünki proqnozlar onu göstərirdi ki, neftin qiymətinin düşməsi bir o qədər də uzun çəkməyəcək və manatın məzənnəsinin sabit saxlanılması üçün biz təxminən 1 milyard dollardan yuxarı vəsait sərf etdik. Ardınca 2010-cu ildə neftin qiyməti sabitləşdi və biz sərf etdiyimiz vəsaiti geri qaytara bildik. Lakin 2014-cü ildən etibarən neftin qiyməti yenidən düşməyə başladı. Bu isə yeni fenomendir. Bildirmək istəyirəm ki, ötən ildən başlayaraq müşahidə olunan ucuzlaşma 80-ci illərin əvvəllərindəki ucuzlaşmaya bənzəyir”, - deyə baş bankir qeyd edib.

Onun sözlərinə görə, neftin ucuzlaşması hələ uzun müddət davam edəcək.

“Neftin ucuzlaşmasının kökündə həm tələb, həm də təklif faktoru durur. Bununla yanaşı, hazırda OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında ziddiyyətlər mövcuddur. Bu isə maliyyə bazarlarına öz təsirini göstərir. Belə olan halda, proqnozlar pessimistikdir. Belə olan halda, biz məsuliyyətli hökumət olaraq, buna reaksiya verməliyik. Bu reaksiya ilk növbədə fiskal reaksiyadır. Bizə 2015-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin niyə 90 dollardan götürüldüyü barədə sual verirlər. Çünki, mövcud durumu heç kim gözləmirdi. Lakin biz gözəl bilirik ki, bu gün hökumət, Maliyyə Nazirliyi büdcə xərclərini real neft qiymətləri əsasında həyata keçirir. Bu, çox düzgün siyasətdir”, - deyə baş bankir qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri