Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində yolun 130-cu kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Sürücü Kamil Bayramovun idarə etdiyi 90-JN-048 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Kamil Bayramov dünyasını dəyişib, sərnişin Musa Musayev xəsarət alaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri xüsusi kəsici avadanlıqlardan istifadə edərək maşından çıxarıblar. Məlumata görə, dumanlı havada sürücü idarəetməni itirərək maşını aşırıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

FHN-in hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində, Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb. Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:48-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri