Azərbaycanda ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb

İlkin məlumatlara görə 2014-cü ildə Azərbaycanda 59,0 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6264,1 manat (7985,9 ABŞ dolları) təşkil edib və 2013-cü ilə nisbətən 1,5 faiz artıb.

Bu dövrdə rezidentlər tərəfindən cari qiymətlərlə 87,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub, məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 28,9 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32,9 faizini təşkil edib.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 61,0 faizədək yüksəlib. Ümumi daxili məhsulun 39,0 faizi neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 2,9 faiz azalıb.

Bu dövrdə sənayedə 24,5 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 41,5 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 7,4 milyard manatlıq (12,5 faiz) əlavə dəyər yaradılıb.

ÜDM istehsalının 33,4 faizi xidmət sahələrinin, o cümlədən 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlərlərin, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsinin, 1,8 faizi informasiya və rabitə xidmətlərinin, 17,0 faizi isə sosial və digər xidmət sahələrinin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri