Dünya premyeralarındakı xarici filmlər Azərbaycan kinoteatrlarında yeni formada təqdim oluna bilər

Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev dünya premyeralarında nümayiş olunan xarici filmlərin ölkədəki kinoteatrlarda yeni formada təqdim olunmasını təklif edir.

Trend-in məlumatına görə, Ә.Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, kinoteatrlarda bəzi filmlərin dublyaj olunmadan verilməsi onu da naharat edir.

Nazir qeyd edib ki, Azərbaycan kinoteatrlarında nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj olunmalı, ya da subtitrlərlə göstərilməlidir.

Bu təcrübənin dünyanın müxtəlif ölkələrində özünü doğrultduğunu deyən Ә.Qarayev əlavə edib ki, bütün kinoteatrlara məktub göndərilərək yalnız dövlət reyestrinə daxil edilən filmərin nümayiş olunmasına icazə verildiyi bildirilib: "Bu gün bütün filmlər reyestrdən keçirilir. Amma burada başqa bir məsələ var və mən çətinliyi burada görürəm. Biz bunun həll olunma mexanizmini araşdırırıq. Bir filmin dünya premyerası olanda o, bir gündə bir çox ölkələrdə eyni vaxtda göstərilir. Biz belə filmləri qabaqcadan reyestrdən keçirə bilmirik. O filmi alanların onu dublyaj etməyə imkanı çatmır. Ona görə də filmi aldığı kimi nümayişə buraxır. Bu da "Dövlət dili haqqında" qanunla ziddiyyət təşkil edir. Ona görə də biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmasa titr vasitəsilə tərcümə olunandan sonra nümayiş etdirilsin".
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57