Hacıbala Abutalıbovun vida çıxışı ilə bağlı video yayıldı (VİDEO)

Bu günlərdə belə bir məlumat yayılıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 24-də meriyanın binasında Gül bayramında iştirakı ilə fərqlənmiş uşaqlarla keçirdiyi, paytaxt rayonlarının icra başçılarının da iştirak etdiyi görüşdə mer vəzifəsindən gedəcəyini bəyan edib və üzünü icra başçılarına tutaraq deyib: “Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Media forum” saytına bildiriblər ki, həqiqətən də mayın 24-də Hacıbala Abutalıbov Gül bayramında fərqlənmiş uşaqlarla görüş keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin binasında keçirilən görüşdə uşaqların valideynləri və paytaxt rayonlarının icra hakimiyyətlərindən nümayəndələr (icra başçıları və onların müavinləri) iştirak edib. Ancaq meriyadan bildiriblər ki, Hacıbala Abutalıbovun üzünü icra başçılarına tutaraq tezliklə onlardan birinin paytaxt meri postuna gətiriləcəyini deməsi haqda yayılan məlumat tamamilə yanlışdır. Meriyadan vurğulayıblar ki, Hacıbala Abutalıbov uşaqlara xoşbəxtlik, səadət, uzun ömür diləyib və üzünü onların analarına tutaraq deyib: “Analar, uşaqlarınız sizdən də xoşbəxt olsunlar. Mən də çox xoşbəxt olaram ki, burada iştirak edənlərin hər hansı biri mer olanda mən onun qəbuluna gəlim - əgər qəbul etsə. Çünki stol adamı dəyişdirir”.

Bakı Şəhər İcra Hakimiyyəti bunun sübutu kimi görüşün həmin hissəsindən videonu da “Media forum” saytına təqdim edib.






ANS
Şərhlər
Sosial bölməsinin xəbərləri