Bakıda yağış, bölgələrdə sulu qar və qar yağacağı gözlənilir

Bazar günü Azərbaycanda havanın yağmurlu keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın bölgələrində də dekabrın 14-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.
Şərhlər
Sosial bölməsinin xəbərləri