İsmayıllıda doğuş zamanı ana ölümünə görə həkim işdən azad edilib

İsmayıllı rayonunda baş verən ana ölümü faktı ilə bağlı həkim cəzalandırılıb.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Abdullətif Maqsudov APA-nın yerli bürosuna bildirib ki, doğuşu həyata keçirən mama-ginekoloq Məlahət Hüseynova tibbi şuranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb.

A.Maqsudovun sözlərinə görə, 31 yaşlı Afət Ağayevanın hamiləliyinin gedişi və doğuş normal keçib. Onun çəkisi 3 kiloqram 500 qram, boyu 52 santimetr olan qız uşağı dünyaya gəlib. Körpə müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib və hazırda onun vəziyyəti yaxşıdır. Bildirilib ki, qadının vəziyyəti doğuşdan 5 dəqiqə sonra qəflətən pisləşib, kəskin qanaxma olub və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün daha dəqiq səbəbi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyindən sonra məlum olacaq.

Ailə üzvlərinin APA-ya verdikləri məlumata görə, bu, mərhum Afət Ağayevanın dördüncü hamiləliyi olub və sonuncu doğuşa qədər onun səhhətində heç bir narahatçılıq olmayıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri