Azərbaycanla ən çox miqrasiya münasibətlərində olan ölkələrin adı açıqlanıb

Azərbaycanla ən çox miqrasiya münasibətlərində olan ölkələrin adları açıqlanıb.

APA – nın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu məsələdə birinci yerdə Türkiyədir.

Komitə sədrinin sözlərinə görə, təkcə 2012-ci ildə Azərbaycandan Türkiyəyə 7196 miqrant gəlib: “Bu il bu rəqəm bir balaca azalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var”.

H. Rəcəbli Azərbaycanla ən çox miqrasiya münasibətində olan ikinci ölkənin Böyük Britaniya olduğunu deyib. O qeyd edib ki, 2012-ci ildə neft sənayesi ilə bağlı Böyük Britaniyadan Azərbaycana 2323 miqrant gəlsə də, 2014-cü ildə müvafiq göstərici 1900-ə düşüb.

Komitə sədri həmçinin bildirib ki, Özbəkistan, Hindistan, Çin, ABŞ və dünyanın digər ölkələrindən Azərbaycana miqrantların icazəli və icazəsiz gəlişi müşahidə olunur: “Miqrasiya problemi dünyada ən ağrılı problemlərdən biridir. Bu gün dünyada qanunsuz miqrasiya edən insanların sayı 250 milyonu keçir”.

H. Rəcəbli onu da qeyd edib ki, son ayların göstəricisinə əsasən, artıq Azərbaycandan gedən miqrantların sayı gələnlərdən 3 dəfə çox olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri