AMB sədri: “İstehlak kreditlərinin həcminin artması bankların stabilliyini poza bilər”

Bu ilin 9 ayında ölkədə istehlak kreditlərinin artım tempi iki dəfə aşağı düşüb.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, ötən ilin 9 ayında istehlak kreditlərinin artım tempi 30% təşkil edibsə, bu ilin müvafiq dövründə bu artım 15%-ə düşüb. “Bu 15% biznes kreditləşməsinin artım tempinə bərabərdir. Strukturca baxsaq, artım portfelinin təxminən 73%-i biznes-kommersiya kreditləridir. 27%-i isə istehlak kreditləridir. Bunun da əhəmiyyətli hissəsi ipoteka kreditləşməsini nəzərə almaqla 18%-ə çatır. Avropa Yenidənqurma və İnkişaf Bankına daxil olan keçid ölkələrində bu göstərici, yəni istehlak kreditlərinin xüsusi çəkisi təxminən 30% təşkil edir. Yəni, bizdə orta keçid ölkələri səviyyəsindədir”, - deyə E. Rüstəmov əlavə edib.

E. Rüstəmov qeyd edib ki, AMB tərəfindən bu balansı saxlamaq üçün gələcəkdə də müvafiq addımlar atılacaq.

“Təbii ki, əhali daha çox kredit götürmək istəyir. Amma həddindən artıq borclanma bir çox fəsadlara gətirib çıxara bilər. Banklar təkcə öz vəsaitləri ilə yox, həm də ictimai fondlarla, yəni əhalinin əmanətləri ilə işləyirlər. Hesablamalar, stress-testlər göstərir ki, bankların pul qazanmaq naminə belə bir ekspansiyaya yol verməsi son nəticədə bu sektorun sabitliyini poza bilər. Dövlətin isə borcu həm əhalinin, həm biznesin, həm də bankların mənafelərini qorumaqdan ibarətdir”, - deyə ölkənin baş bankiri əlavə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri