Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələrin onlayn yoxlanışı mümkün oldu

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə müqavilələrin mövcudluğunu onlayn rejimdə yoxlamaq mümkün olub. Bu barədə Trend İcbari Sığorta Bürosunun (İSB) saytında dərc olunan məlumata istinadən xəbər verir.

Bu, İSB saytındakı yeni xidmət sayəsində mümkün olub. Yaxın zamanlarda büronun saytında daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə əlaqədar vətəndaş məsuliyyətinin icbari sığortası, qəza hadisəsindən sərnişinlərin icbari fərdi sığortası üzrə sığorta müqavilələrinin mövcudluğunun yoxlanması üçün analoji xidmət istifadəyə veriləcək.

2014-cü ilin sentyabr ayında 74,936 avtonəqliyyat vasitəsi AVSMMİS-ə cəlb olunub. Trend-in İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata görə, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 milyon manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,2%, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib.

Ümumilikdə cari ilin ilk 9 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 688 mindən çox sığorta müqaviləsi bağlanıb və həmin müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 51,7 milyon manat təşkil edib.

2014-cü ilin ilk 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,92%, sığorta haqlarının məbləğində isə 6,1% artım müşahidə edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri