Vergilər Nazirliyi işə qəbul üçün müsabiqə elan edir

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edir.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 20.10. - 02.11.2014-cü il tarixlərdə həyata keçirilir. İştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilməsi barədə məlumat ala bilər.

Sənədləri qəbul olunmuş namizədlər 13-15 noyabr 2014-cü il tarixlərdə iş vaxtı ərzində imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 16.11.2014-cü il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

“Elektron ərizə” formasını doldurmazdan əvvəl namizədlər “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları” ilə tanış olmalı və qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və müsabiqə ilə bağlı digər zəruri məlumatlar göndərilir.

Qeyd edək ki, müsabiqə zamanı son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan iqtisadçı və hüquqşünaslara üstünlük verilir. Vətəndaş ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqə iştirakçıları yalnız təklif olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər. Vakant yerlər barədə məlumat Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilib. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədə işləməkdən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır.

Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.
Şərhlər
Sosial bölməsinin xəbərləri