Azərbaycan prezidenti Rusiya müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə Həştərxanda və Minskdə görüşlərini məmnunluqla xatırlayıb və yüksək səviyyəli görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib.

Siyasi, iqtisadi sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan prezident İ. Əliyev hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın da ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçısı S. Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin hərbi və hərbi-texniki sahədə ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib və səfərin səmərəli olacağına əminliyini ifadə edib.

İkitərəfli münasibətlərin inkişafı ilə bağlı deyilən xoş sözlərə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirən S. Şoyqu Həştərxanda və Minskdə keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edib, Xəzər dənizində əməkdaşlıqla bağlı qəbul olunan qərarların əhəmiyyətini vurğulayıb. Xəzər dənizi hövzəsində hərbi əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayan nazir bugünkü görüşün də əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri