Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, 4 nəfər isə xəsarət alıb

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə oktyabrın 11-də axşam saat 21:00 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. 1964-cü il təvəllüdlü, Zaqatala şəhər sakini Behbud Murtuz oğlu Şerelov idarə etdiyi “VAZ 21074” markalı 62 BH 765 dövlət nömrə nişanlı avtomobillə Qaxdan Zaqatala istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənərındakı dərəyə aşırıb.

Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Behbud Şerelov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Zaqatala rayonu Yengiyan kənd sakinləri 1994-cü il təvəllüdlü, Mari Qurban qızı Əlixanova, 1983-cü il təvəllüdlü Pərvanə Xəlil qızı Əliyeva, 1989-cu il təvəllüdlü Cahan Nazim oğlu Əlixanov və Zaqatala rayonu Lahıc kənd sakini 1978-ci il təvəllüdlü Elnarə Xəlil qızı Əlixanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralıların müalicəsi xəstəxanada aparılır, onların vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, yol qəzasına düşən şəxslər Qaxın Güllük kəndində keçirilən toy məclisindən evə qayıdırlarmış.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri