DİN Bakıda bankomatın bir qrup şəxs tərəfindən partladılması ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda baş verən quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 10-da saat 05:00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə Beynəlxalq Banka məxsus bankomatın partladılması və içərisində pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək, əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində apardığını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürdüyünü bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri