"Qarabağ"ın UEFA-dan gəlirləri açıqlanıb

UEFA 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların gəlirlərini açıqlayıb.

Trend UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, klublara, o cümlədən "Qarabağ"a turnirin qrup mərhələsində oynayacaqları üçün 1,3 milyon avro mükafat veriləcək.

Qrupdakı hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro pul mükafatı ayrılacaq.

1/16 final mərhələsinə qrup qalibi kimi yüksələcək komandaya 400 min avro, ikinci yerin sahibi kimi çıxacaq kluba isə 200 min avro mükafat veriləcək. 1/8 finalda oynayacaq komandaya 350 min avro, 1/4 finalda isə 450 min avro ayrılacaq. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq.
Avropa Liqasının qalibi 5 milyon avro qazanacaq.

Bundan başqa, "Qarabağ" klubu Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro qazanıb.

Beləliklə, ÇL-in təsnifat mərhələsində iştirak etdiyi və Avroliqanın qrup mərhələsində yarışacağı üçün “Qarabağ” hələlik 1,7 milyon avro gəlir qazanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri