Dmanisidə azərbaycanlı öz qonşusunu ov tüfəngi ilə güllələyib

Bu gün səhər saatlarında Dmanisidə azərbaycanlı öz həmkəndlisini güllələyib.

APA-nın məlumatına görə, hadisə mübahisə zəminində baş verib. Qarabulaq kənd icra nümayəndəliyinə daxil olan Gödəkdağ kəndinin sakini 75 yaşlı Muxtar Əhmədov qonşusu 76 yaşlı Cahangir Orucovu ov tüfəngindən iki dəfə atəş açaraq qətlə yetirib.

Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov APA-ya açıqlamasında faktı təsdiqləyib. "Səhər tezdən hər iki qonşu mal-qaranı naxıra qatarkən mübahisə ediblər. Sonda 75 yaşlı Muxtar Əhmədov qonşusu Cahangir Orucovu qolundan və qarın nahiyəsindən yaralayıb və sonuncu şəxs Tiflisdəki xəstəxanada dünyasını dəyişib".

Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov faktla bağlı cinayət işi qaldırıldığını və cinayətkarın hadisəni törətdikdən sonra qaçdığını və Tiflisdə tutulduğunu bildirib.

Qeyd edək ki, Cahangir Orucov uzun illər Dmanisidəki Qarabulaq sovxozunda direktor, sonra Qarabulaq kənd icra nümayəndəsi vəzifəsində işləyib. Son bir neçə il işsiz olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri