Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətləri bahalaşıb

Azərbaycanda avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 bahalaşıb, çoxillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə müvafiq olaraq 1,3 və 2,1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Tremd-ə verilən məlumata görə, birillik bitkilərdən xiyarın 55,9 faiz, qarpızın 32,1 faiz, yoncanın 25,7 faiz, lobyanın 24,4 faiz, pomidorun 21,2 faiz, buğdanın istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb, günəbaxan toxumunun 2,0 faiz, qarğıdalının 0,1 faiz, yerkökünün istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən süfrə üzümünün 7,3 faiz, moruq və böyürtkənin 21,1 faiz, fındığın istehsalçı qiymətləri 5,7 faiz ucuzlaşıb, şaftalının 12,8 faiz, gavalı və göyəmin 4,7 faiz, almanın isə istehsalçı qiymətləri 1,1 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun, həmçinin qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, yumurtanın 4,0 faiz, quş ətinin (diri çəkidə) 9,9 faiz, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.

Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0 faiz bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8 faiz təşkil edib.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri