ARDNŞ-nin təsdiq edilmiş qaz ehtiyatları 2,5 dəfədən çox artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təsdiq edilmiş qaz ehtiyatları 2014-cü il yanvarın 1-nə 61,15 milyard kubmetr olub. 2012-ci ilin yekunu üzrə bu rəqəm 23,82 milyard kubmetr təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin 2013-cü ilin yekunu üzrə davamlı inkişaf hesabatında deyilir.

Hesabata əsasən, ötən ilin yekunu üzrə ARDNŞ-nin təsdiq edilmiş neft ehtiyatları 78,5 milyon olub. 2012-ci ildə bu göstərici 71,66 milyon ton təşkil edib.
Hesabatda qeyd olunur ki, ARDNŞ-nin təsdiq edilmiş neft və qaz ehtiyatları 9 əsas yatağın ehtiyatları hesablanaraq müəyyənləşdirilib. Belə ki, söhbət "Günəşli", "Neft Daşları", "Pirallahı", "Darvin bankası", "Səngəçal-dəniz - Duvanlı-dəniz - Xərə Zirə", "Ələt-dəniz", "Bulla-dəniz" dəniz yataqlarından, həmçinin "Bibi Heybət", "Lökbatan-Puta-Quşxana" quru yataqlarından gedir. ARDNŞ ilə müqavilə əsasında neft-qaz ehtiyatlarının hesablanmasını "Miller&Lents" şirkəti həyata keçirib.
Şirkətin məlumatına görə, ötən il ARDNŞ-nin neft hasilatının həcmi 8,31 milyon ton, 2012-ci ildə isə 8,29 milyon ton olub. Qaz hasilatının həcmləri isə müvafiq olaraq 7,14 milyard kubmetr və 6,92 milyard kubmetr təşkil edib. Ötən il şirkətin neft emalı həcmi 6,53 milyon ton, 2012-ci ildə isə 6,17 milyon ton təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri