Tovuzda baş verən ağır qəzada ölənin kimliyi məlum olub

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 27-də, saat 23 radələrində magistral yolun 440-cı kilometrliyində, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayonun Əlibəyli kənd sakini, 1983-cü il təvəllüdlü İlqar Gülməmmədovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə rayonun Əlimərdanlı kənd sakini, 1957-ci il təvəllüdlü Abbas İbrahimovun idarə etdiyi “Mitsubishi” markalı minik maşını toqquşub. Qəza nəticəsində  “Mitsubishi”nin sürücüsü 57 yaşlı Abbas İbrahimov hadisə yerində dünyasını dəyişib. Qəzaya “Mitsubishi” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsinin səbəb olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 
 
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tovuz rayonu ərazisində "KamAZ" markalı yük avtomobili və "Mitsubishi" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
 
Şərhlər
Hadisə bölməsinin xəbərləri