Prokuror deputatın qardaşı oğluna ömürlük həbs cəzası istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Kamandar Nəsibov APA-ya bildirib ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 2-də təqsirləndirilən tərəfin çıxışı ilə davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri