Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər xilas və 20 nəfər təxliyə olunub

Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə Kərim Kərimzadə  küçəsində qeydə  alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Sakinlərin sözlərinə görə  yanğından əvvəl partlayış səsi də eşidilib. Binada  yaşayan  sakinlər təcili təxliyə olunub. Yanğın zamanı binaya elektrik enerjisinin verilişi  də dayandırılıb.
 
17 mərtəbəli  binanın 14-cü  mərtəbəsində yerləşən elektrik şitində  başlayan  yanğın  qısa  zaman  ərzində  şiddətlənərək  şaxtadan keçən bütün  elektrik naqillərini və elektrik sayğaclarını əhatə edib.
 
Sakinlərin sözlərinə görə baş verən  partlayışdan  sonra  binanın bütün bloklarını tüstü bürüyüb. Buna görə də sakinlər binanı tərk etməkdə çətinlik çəkiblər. Yanğın zamanı xəsarət alan olmasa da, mənzillərdə köməksiz qalan 10 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 5-ci mərtəbədəki  mənzillərdən birində  boğulma  təhlükəsi ilə üzləşən balaca Yusifi də xilas edərək valideyinlərinə təhvil veriblər.
 
Yanğınsöndürənlər alovun mənzillərə keçməsinin  qarşısını  alıblar.
 
Hadisə  yerinə  Dövlət  Yanğın  Nəzarət  Xidmətinin  tətqiqat  qrupu cəlb olunub və  araşdırmalara  başlanılıb. İlkin ehtimala görə, hadisə  elektrik  naqillərində  yaranan  qısaqapanma nəticəsində baş verib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri