Bakı-Quba yolunda baş verən qəzada bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


APA-nın verdiyi məlumata görə, hadisə magistralın 110-cu km-də, Şabran rayonu ərazisində qeydə alınıb.



10 SA 013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə 85 BS 389 dövlət nömrə nişanlı yük avtomaşını toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə meyit deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Maşında olan sərnişin isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.



Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri