Bakı-2015 Avropa Oyunları açılış mərasiminə 300 gün qalmasını əsas faktlar və rəqəmlərlə qeyd edir

Bakı-2015 Avropa Oyunları açılış mərasiminə 300 gün qalmasını əsas faktlar və rəqəmlərlə qeyd edir Şənbə günü, 16 avqust 2014-cü il tarixində Avropa Oyunlarının açılış mərasiminə 300 gün qalır.

Oyunlara ev sahibliyi edən şəhərdə geriyə sayım əlamətdar tarixə doğru irəlilədiyi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Oyunların açılış mərasiminə dair əsas faktları və rəqəmləri təqdim edir.

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, gələn il Azərbaycanda 6 mindən çox idmançı və 3 mindən çox komanda rəsmisi 239 medal və Avropa çempionu adı uğrunda yarışacaq.

Hal-hazırda BAOƏK-də dünyanın beş qitəsini təmsil edən və 33 müxtəlif milliyətdən olan 670 nəfər işçi çalışır.
2015-ci ilin 12 iyun tarixində keçiriləcək möhtəşəm açılış mərasimi bütün Avropanın qeyd edəcəyi 17 günlük idman bayramına başlanğıc verəcək.

Bakı 2015 Avropa Oyunları haqqında ən maraqlı faktlar və rəqəmlər:

Açılış mərasiminə 300 gün qalıb;
12 000 könüllü cəlb olunur;
49 Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvü kimi dəvət olunub;
19 müxtəlif idman növü üzrə yarış keçiriləcək;
17 günlük yarışlar baş tutacaq;
BAOƏK-də 33 müxtəlif milliyətin nümayəndəsi çalışır;
BAOƏK-də ümumilikdə 670 nəfər işçi var;
Yarışlar ümumilikdə 20 arenada keçiriləcək;
239 medal təltif olunacaq;
Atletlər Kəndində 3755 yataq otağı var.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri