Bakı-Quba yolunda qəza: 3 ölü

Dünən axşam saatlarında Bakı-Quba yolunda, Sumqayıt Texnologiyalar Parkı yaxınlığında bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, "KAMAZ" markalı yük maşını "10 VC 259" dövlət nömrə nişanlı "VAZ" markalı minik avtomobili ilə toqquşub.

"KAMAZ"-ın "VAZ" markalı avtomobili əzməsi nəticəsində 3 nəfərin öldüyü bildirilir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı-Quba yolunun 34-cü kilometrliyində "VAZ" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Hadisə zamanı "VAZ" markalı minik avtomobilinin sürücüsü 1956-cı il təvəllüdlü Məmmədov Sahib Əli oğlu, sərnişinlər - 1941-ci il təvəllüdlü Cəbiyev Xanbulu İbiş oğlu və 1968-ci il təvəllüdlü Allahaverdiyev Səməd Əli oğlu həlak olublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri