Gürcüstan və Azərbaycanın müdafiə nazirləri görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin arasında görüş olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.



Nazirlərin əvvəlcə geniş tərkibdə, sonra isə təkbətək görüşü olub. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparan nazirlər hərbi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Azərbaycanın ölkəsinə yaxından köməkliyini minnətdarlıq hissi ilə qeyd edən nazir İrakli Alasaniya bunu heç zaman unutmayacaqlarını bildirib. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə olduğu kimi bu gün də dəstəklədiyini bildirən qonaq iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.



Görüşün sonunda müdafiə nazirləri 2013-cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri