ABŞ-da bir qrup senator Mixeil Saakaşvili barəsində cinayət işi başlanmasını pisləyib

ABŞ-da bir qrup senator Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsində cinayət işi açılmasını qınayıb.

APA-nın məlumatına görə, müvafiq bəyanat respublikaçı senator Con Makkeynin (John McCain) rəsmi səhifəsində yerləşdirilib.

Bəyanatı Merilend ştatının senatoru, Demokratlar Partiyasının üzvü Ben Kardın (Ben Cardin), onun partiyadan olan məsləkdaşı, Nyu-Hempşir ştatından olan senator Cin Şahin (Jeanne Shaheen) və respublikaçı, Aydaho ştatından senator Cim Riş (Jim Risch) imzalayıblar.

Bəyanatda vurğulanır ki, Amerika siyasətçiləri Gürcüstanın yeni hökumətinin keçmiş gürcü liderinə qarşı başladıqları axtarış qərarından məyus olublar və bu, iki ölkənin münasibətlərində “lazımsız çətinliklər” yaradacaq.

“Əlbəttə, Saakaşvili və onun hökumətində çatışmazlıqlar olub. Ölkənin sonrakı demokratik inkişafı üçün qanunun aliliyi mühüm əhəmiyyət kəsb edir. Amma cinayət təqibi xüsusilə Gürcüstanın qarşısında yeni çağırışlar olduğu vaxtda siyasi qisasın silahı olmamalıdır”, - deyə senatorlar bildiriblər.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu sabiq prezident M. Saakaşvili barəsində cinayət işi başlayıb. Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin və biznesmen Badri Patarkatsşvilinin digər əmlaklarının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Prokurorluğun məlumatında deyilir ki, 2007-ci ilin 7 noyabrında Tiflisdə mitinq dağıdılarkən qanunsuz olaraq rezin güllələrdən istifadə edilib, yüzlərlə adam amansızlıqla döyülüb. Xüsusi təyinatlılar qorxudan mağaza və apteklərdə gizlənən aksiya iştirakçılarını da döyüblər. Həmin gün Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi “İmedi” telekanalının binasına girib, televiziyanın əməkdaşları binadan çıxarılıb və yayım dayandırılıb. Prokurorluq iddia edir ki, M. Saakaşvilinin tapşırığı ilə məmurlar teleşirkətin qanunsuz mənimsənilməsi prosesinə başlayıblar və bu proses televiziyanın sahibi B. Patarkatsşvilinin ölümündən sonra yekunlaşıb. Prokurorluq M. Saakaşvilini bu cinayətlərin həyata keçirilməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

İttihamlar sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbs gözləyir.

Qeyd edək ki, M. Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb. Sabiq prezident heç bir cinayət törətmədiyini deyib, istintaq orqanlarının iddialarını “siyasi ittiham” adlandırıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri