"Neftçi" Avroliqada mərhələ adlasa, "İnter"lə qarşılaşa bilər

Avropa Liqasının pley-off mərhələsinin püşkü avqustun 8-də keçiriləcək. Buna baxmayaraq, artıq Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi olan "Neftçi"nin üçüncü təsnifat mərhələsindəki rəqibi - Gürcüstan "Çixura"sını keçəcəyi halda qarşılaşmalı olduğu bəzi potensial rəqiblərinin adları məlumdu.

Pley-off mərhələsində Avroliqanın qruplarına düşmək üçün 31 vəsiqə uğrunda 62 komanda mübarizə aparacaq. Bu 62 klubdan 29-u üçüncü təsnifat mərhələsindən qalib ayrılanlar olacaq. 15 iştirakçı UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlubiyyətlə üzləşən komandalar olacaq. Yerdə qalan 28 komanda isə Avroliqaya birbaşa pley-off mərhələsindən başlayanlardı.

Bu 62 iştirakçı pley-off mərhələsinin püşkatması ərəfəsində UEFA reytinqinə əsasən səbətlərə bölünəcəklər. "Neftçi"nin hazırda 6,775 reytinq xalı olduğunu nəzərə alsaq, komandamızın daha zəiflərin yer aldığı səpələnməmişlər səbətində olacağı şübhə doğurmur. Bir sözlə, komandamız özündən daha güclü rəqiblərlə qarşılaşmalı olacaq.

Səpələnmişlər arasında isə kifayət qədər nəhəng klublar var: “İnter” (İtaliya), “Tottenhem” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Tvente” (Hollandiya), “Metallist” (Ukrayna), PAOK (Yunanıstan), “Trabzonspor” (Türkiyə), “Borussiya” (Münhenqladbax, Almaniya), “Lokomotiv” (Moskva, Rusiya), “Rapid” (Vyana, Avstriya), “Sürix” (İsveçrə).

Portuqaliyanın "Nasional", Fransanın "Sent-Etyenn", Rusiyanın "Rostov", Hollandiyanın "Zvolle", Belçikanın "Lokeren", Kiprin "Apollon" (Limassol) klubları da səpələnmişlər səbətində yer ala bilərlər. Amma onların hansı səbətdə yer alacağı tam olaraq pley-off mərhələsinin bütün iştirakçıları məlum olduqdan sonra dəqiqləşəcək.

Mübarizəyə birbaşa pley-off mərhələsindən başlamalı olan klublar arasında səpələnməmişlər səbətində yer alan yeganə klub isə Danimarkanın "Midtyilland" komandasıdı.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında Avstriya "Zalsburq"una məğlub olsa, mübarizəni Avroliqanın pley-off mərhələsində davam etdirəcək. Püşkatma zamanı "Qarabağ" da "Neftçi"nin yer aldığı səpələnməmişlər səbətində yer alacaq.

Qeyd edək ki, "Neftçi"nin "Çixura" ilə ilk oyunun iyulun 31-də, cavab görüşü isə avqustun 7-də keçiriləcək. Pley-offun oyunları isə 21 və 28 avqust tarixlərində baş tutacaq


futbolinfo
Şərhlər
İdman bölməsinin xəbərləri