Azərbaycanın milli təhlükəsizlik naziri: “Ekstremist qüvvələr son vaxtlar sosial şəbəkələrdən geniş istifadə edir”

Azərbaycanın milli təhlükəsizlik naziri: “Ekstremist qüvvələr son vaxtlar sosial şəbəkələrdən geniş istifadə edir” Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində iştirak edən fondlar aşkarlanaraq fəaliyyətləri dayandırılıb. Bu mənbələrin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda bazar ertəsi "Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, terrorçuluqla mübarizdə beynəlxalq əməkdaşlıq Azərbaycanın dövlət siyasətində və bizim fəaliyyətimizdə mühüm yer tutur.

Onun sözlərinə görə, Azərbaycan artıq 12 ildir ki, beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorizmə qarşı ardıcıl mübarizə aparır.

"Son illər həyata keçirilmiş tədbirlər nəticəsində terrorçuluqla bağlı dövlət orqanları tərəfindən strateji obyektlərə, diplomatik nümayəndəliklərə qarşı hücumun planlaşdırılma cəhdinin qarşısı alınıb. Terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlıq dövlət siyasətində və fəaliyyətimizdə mühüm yer tutur", - Mahmudov deyib.

Nazir bildirib ki, tərəfdaş ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi müntəzəm olaraq aparılır.

Mahmudov qeyd edib ki, beynəlxalq terror şəbəkələri və müəyyən dairələr Azərbaycanda dini tolerantlıq mühitini pozmağa və bu fəaliyyəti müxtəlif pərdələr altında həyata keçirməyə çalışırlar.

Nazirin sözlərinə görə, sözsüz ki, terrorçuluğun nə islam, nə də heç bir dünyəvi din ilə əlaqəsi yoxdur, əksinə, bu, həmin dinlərin əsaslarına və prinsiplərinə ziddir. Bunları nəzərə alaraq, Milli Təhlükəsizlik Nazirliyi digər dövlət strukturları və ictimai təşkilatlarla birgə məqsədyönlü profilaktik tədbirlər həyata keçirir. Bu işlər qanunun aliliyi prinsipi əsasında həyata keçirilir.

Mahmudov qeyd edib ki, ektremist qüvvələr son dövrlər tərəfdarlar cəlb etmək məqsədilə internetdən və sosial şəbəkələrdən geniş istifadə edirlər. Xüsusilə də, beynəlxalq şəbəkələrin informasiya resurslarında Azərbaycan dilli seqmentlərin yaradılması və radikal ideoloji təbliğat materiallarının yerləşdirilməsi müşahidə olunur.

Nazirin sözlərinə görə, İnternet şəbəkələrindən radikal dini baxışların təbliği, terrorçuların öz aralarında sövdələşməsi, partlayıcı maddələrin və qurğuların hazırlanması üsullarının yayılması üçün istifadə olunması Azərbaycan və bütün beynəlxalq ictimaiyyəti narahat edir.

Mahmudov hesab edir ki, kibercinayətkarlıq ilə mübarizə bütün dünyada yeni sahədir. Bu yönümdə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və telekommunikasiya şirkətlərinin tam dəstəyi zəruridir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri