Lənkəranda ağır qəza olub, sürücü ölüb, sərnişin ağır xəsarət alıb

Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin baş müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə iyulun 24-də axşam saatlarında rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Rayonun Vel kənd sakini, 1984-cü il təvəllüdlü Ələddin Zakir oğlu Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı, 42 BJ 299 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb. Nəticədə sürücü və onun yanındakı sərnişin, Vel kənd sakini, 1997-ci il təvəllüdlü Rövşən Məhərrəm oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq sürücü Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda sərnişin R.Məmmədovun da vəziyyətinin ağır olduğu bildirilir.

İlkin versiya kimi qəzanın “VAZ-21099” markalı avtomobilin manevr edərkən sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq təfərrüatları aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri