Şamaxıda narkotik plantasiyası aşkarlanıb

Şamaxıda külli miqdarda narkotik vasitə əkən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şamaxı rayon Qaleybuğurd kəndində külli miqdarda narkotik xassəli bitkinin əkilib becərilməsi barədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 60 yaşlı Sərdar Şərifzadənin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqda narkotik bitki plantasiyası aşkarlanıb. Sahədən hündürlüyü 2 metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb.

Sərdar Şərifzadə ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə torpağı may ayında icarəyə götürüb və sahibinin razılığı çətənə kolları əkib. Bu müddət ərzində narkotik xassəli bitkilərə xüsusi aqrotexniki qaydalara uyğun qulluq edib. S. Şərifzadə həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. Yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da istəyinə çata bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri