Bakıda mebel ustası işlədiyi evin xanımını qətlə yetirib

Bakının Nəsimi rayonunda törədilmiş daha bir qətlin "isti izlər"lə açılması təmin edilib.

Trend Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatına istinadən xəbər verir ki, paytaxtın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda törədilmiş daha bir qətlin "isti izlər"lə açılması təmin edilib.
Belə ki, iyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N.Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Daha sonra o, mənzildə axtarış apararaq N.Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb.

Cinayətin T.Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri