Orxan Zeynalov məhkəmədə son söz deyib

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.

APA-nın verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Vəkil Viktor Anikuşkin çıxışında bildirib ki, Rusiya hüquq-mühafizə orqanları təqsirsizlik prezumpsiyasına tüpürüb: “Orxan Zeynalov saxlanılan zaman kobud qanun pozuntusuna yol verilib. Bütün televiziya kanallarında da bu göstərilib. Orxan saxlanılan zaman ona elektroşok verilib, döyülüb, cinayət işi üzrə yeganə şahid olan Kseniya Popovanın ifadələrində həm istintaq, həm də məhkəmə zamanı ziddiyyətli məqamlar aşkar olunub. O, istintaq və məhkəmə zamanı Orxanla Yeqor arasında mübahisənin hansı səbəbdən baş verdiyini deyə bilməyib. Orxan Zeynalov, özünün dediyi kimi günahsızdır, cinayət törətməyib. Hesab edirik ki, ona bəraət verilməlidir” .

O. Zeynalovun digər vəkili Abbasmirzə Abdullayev də çıxışında K. Popovanın ifadəsində ziddiyyətli məqamların olduğunu söyləyib: “Biz məhkəmədən Kseniya Popovanın yalan detektorundan keçirilməsini tələb etdik. Lakin vəsatətimiz təmin olunmadı. Hesab edirik ki, o, nəyisə gizlədir. Onun barəsində qanuni hökm çıxarılmasını xahiş edirik. Orxan günahsızdır” .

Daha sonra prosesdə O. Zeynalov son söz deyib. O, günahkar olmadığını deyib: “Hadisə baş verən gün Moskvada olmamışam. Bütün bunlar əvvəlcədən hazırlanmış ssenaridir. Çünki “Pakrov” bazarını bağlamaq istəyirdilər. Ona görə də bunu düzüb qoşdular. Mən bu gün günahsız yerə burda oturmuşam. Yeqorun ölüb-ölmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, mən heç kimi öldürməmişəm. Allah hamısını görür. Mən onu öldürsəydim, Rusiyadan qaçardım”.

Sonra məhkəmə hökmünün iyulun 28-də elan olunacağı bildirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri